Sərvətin və hakimiyyətin keyitdiyi adamlar,eşidin…

Müxalifət partiyasının liderinə,Qarabağ qazilərinə, qocalara,qadın və qızlarımıza  qarşı edilən vəhşiliklərə göstəriş verənləri  bu xalq bir gün  linç edəcək…

Azadlıq əvəzsiz nemətdi. Onu qazanmaq naminə zaman-zaman qanlar tökülüb, qurbanlar verilib. Elə bizim bu sirli-sehrli məmləkətdə yaxın keçmişin azadlıq mücadiləsini xatırlamaq kifayətdir ki, bu günün qədir-qiymətini dəyərləndirəsən. Mənim kimi ələyi ələnmişlərin yaddaş qutusunda ilişib qalmış o qədər olmuşlar var ki, danışsan başınız ağrıyacaq. Ona görə də, hesab edin ki, bugünün azadlığı tanrı tərəfindən müasir gəncliyə göndərilmiş paydı. Əstəğfürullah, heç kəsə dərs vermirəm. Danışdıqlarım da “Cırtdan” nağıılı deyil. Heç bilirsiniz, Cırtdan kimdi? Hardan biləsiniz? Sizin uşaqlığınız əfsanəvi “Şrek”ə bağlıdı. Hər iki nağıldakı oxşarlığa bax, bu həmən Şrekdi ki, kralın qızı Fionanı liliputa vermək qərarına etiraz edərək öz sevgisi  uğrunda uzun bir mücadiləyə baş vurur. Cırtdanın timsalında, azadlığa qovuşmaq uğrunda aparılan, uğurla bitən mübarizə isə indi mənə əlçatmaz olmuş uşaqlıq illərinin həmişəyaşıl xatirələridi. O vaxtdan bəri Divi xəlbirlə aldadan Cırtdanın fanatıyam. Xeyr, mən nağıl açmıram. Göydən üç alma gözləməyin də mənası yoxdu, düşməyəcək. Almalar çoxdan düşüb Rövnəqkimilər fəsiləsinin payına. Bizimki odu ki,hərəyə bir alma umaq nağılı xəyallarda.

Hər şeyin həddi-hüdudu olduğu kimi azadlığın da sınırları var. Dünyanın bütün xalqlarının bir dam altına toplandığı indiki qlobal siyasətin verdiyi imkanlarla yanaşı əlimizdən ala biləcəyi dəyərlərimiz də az deyil. Sadə dildə desəm, baxışların dəyişikliyə məruz qaldığı qloballaşma şəraitində ağlı, zəkası, milli-mənəvi dəyərləri möhkəm təməl üzərində oturuşmuş xalq daha çox yararlana bilər. Yox, əgər kimsə dünyanı hansısa istiqamətə sürüyən, daha doğrusu sürükləyən imansız axına qarışıb əriyirsə, bu daha böyük dərddi. Ona görə də, tarixi keçmişimizdən bizə miras qalmış mənəvi sərvətlərimiz ardıcıl təbliğ olunmalıdır. Özü də bu təbliğat milli ədəb normalarını dərindən bilən, geniş təfəkkürlü müasir gəncliyi inandırmaq gücünə malik peşəkarlara həvalə olunmalıdır. Lakin cəmiyyətimizin çağdaş mənzərəsi alayı ovqatdan xəbər verir. İnsanlarımız bir zamanlar əlçatmaz hesab edilmiş azadlığı çox böyük çətinliklə əldə etdlər. Sonra nə baş verdi? Xalqı sanki kütləvi surətdə peyvənd elədilər.Baxın, insanlar zombiləşib, sanki təhtəlşüuruna hansısa vasitəylə yerləşdirilmiş kodlu komanda ilə hərəkət edir. Bu hərəkət qərarsız və xaotikdir, vətən-torpaq tanımır, fərdiliyi sevir, instinktlərə söykənir, sadəcə pul-para qazanmağa, eyş-işrətə hesablanıb,devizi nəyin bahasına olursa-olsun varlanmaqdır. Cəmiyyətin verdiyi bütün imkanlar, eynən də sınırsız azadlıqların hamısı bu gün  demək olar ki, sərvətə sitayiş hərisliyi üzərində soncuqlayır. Bu amal nəticəyə hesablanıb, uğursuzluğu sevmir, çünki, uğursuz insanı yarı yolda qoyur, intihara sürükləyir. Ətrafınıza bir baxın: cinayətkarlığın, tərbiyəsizliyin, həyasızlığın, cürbəcür seksual təhdidlərin, əxlaqsızlığın, simasızlığın əhatəsindəsiniz. Dəhşət doğuran bu aura sizin böyüməkdə olan körpə və saf sutək tərtəmiz övladlarınıza hansı gələcəyi vəd edir? Bu barədə düşünmüsünüzmü? Düşünün, mən də düşünürəm, amma vaxt əleyhimizə işləyir. Sərvətin və sınırsız hakimiyyətin keyitdiyi o adamlarınsa sayı və payı artmaqdadır. Mən o zombiləri oktyabrın 19-da Bakı küçələrində polis qiyafəsində gördüm.Konstitusion hüquqlarını gerçəkləşdirmək əzmnidə olan bir neçə min hələ daxilən azad vətəndaşlarımıza tətbiq edilən vəhşilikləri deyirəm. Kişilər bir yana, qadın və qızlarımıza qarşı  belə idbar polis ləyaqətsizliyini  ötən əsrin  “Topxana” mtinqlərindən üzü bəri  görməmişdik.Yadımdadır, 1988-ci ilin meydan hərəkatında  o  zamankı milis işçiləri vətəndaşlara,xüsusilə də qadın və uşaqlara qarşı son dərəcə nəzakətli  davranırdılar.

Bu günün başbilənləri böyük itkilər hesabına xalqın əldə etdiyi hüquq və azadlıqları bir polis dəyənəyinə qurbanmı  verirlər? Qoy yaxşı-yaxşı fikirləşsinlər, müxalifət partiyasının liderinə qarşı edilən vəhşiliklərə göstəriş verənlərin özlərini  bu xalq br gün linç edəcək…

F.Qurbanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir