“Bu Sammit qlobal təhdidlərə qarşı birgə mübarizədə əməkdaşlığın nümunəvi örnəyidir” – Cavanşir Feyziyev

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə video-konfrans vasitəsilə Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Sammiti keçirildi. Əməkdaşımız  Milli Məclisin üzvü, Türk PA nümayəndə heyətinin üzvü Cavanşir Feyziyevlə görüşüb və yenicə başa çatmış Sammitlə bağlı müsahibə alıb.

– Cavanşir müəllim, dünən Prezident İlham Əliyev video-konfrans vasitəsilə Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının fövqəladə Sammitini keçirdi. Sizcə, pandemiyaya qarşı mübarizənin gərgin bir vaxtında belə  bir zərurət var idimi və vardısa bu zərurət nədən yaranmışdır?

– Əlbəttə, bu gün dünya ölkələrinin gündəliyində duran ən vacib məsələ “Covid-19” virusuna qarşı mübarizədir və təsadüfi deyil ki, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının fövqəladə Sammiti də məhz bu məsələyə həsr olunmuşdu. Birinci zərurət məhz bununla bağlıdır. Digər bir zərurət bütün dünyada fövqəladə bir vəziyyət hökm sürdüyü bir şəraitdə Azərbaycan Prezidentinin Əməkdaşlıq Şurasının sədri qismində öz səlahiyyətlərini cəsarətlə icra etməsi ilə bağlıdır. Bilirsiniz ki, 2019-cu ilin oktyabrında keçirilmiş VII Sammitdə Əməkdaşlıq Şurasına sədrlik Azərbaycan Prezidentinə keçib və Şura Sədri fövqəladə vəziyyət şəraitində də öz vəzifəsini lazımınca yerinə yetirmək üçün video-konfrans vasitəsilə Əməkdaşlıq Şurasının Sammitini keçirir.

Sammitin çağırılmasını zəruri edən başqa bir amil türkdilli ölkələrdə virusa qarşı mübarizənin gedişini müzakirə etməklə üzv ölkələr arasında bu istiqamətdə zəruri əməkdaşlığı təmin etməkdir.

-Sammit öz məqsədinə nail ola bildimi və nəticələr nədən ibarətdir?

-Əminliklə deyə bilərik ki, bu Sammit qlobal miqyaslı təhdidlərə qarşı birgə mübarizədə qarşılıqlı əməkdaşlığın gözəl bir örnəyini yaratdı. Analoji beynəlxalq qurumlarda birləşmiş bir sıra ölkələrin fors-major şəraitində qarşılıqlı davranışlarına baxdıqda bir az fərqli vəziyyətin şahidi oluruq. Koronovirusun yaratdığı çaşqınlıq və qlobal pandemiya qarşısında sərgilənən vahimə bəzi dövlətləri bu günə qədər aralarında mövcud olmuş sıx əməkdaşlıqdan imtina etməyə, öz milli sərhədləri çərçivəsində təcridə qədər gətirib çıxardı. Belə bir şəraitdə Azərbaycan Prezidentinin Türkdilli ölkələr arasında əlaqələrin daha da canlandırılması təşəbbüsü  bütün dünya birliyi üçün etibarlı əməkdaşlıq nümunəsidir. Bu təşəbbüslə cənab İlham Əliyev dünya birliyinə qlobal təlükəsizlik şəraitində səyləri birləşdirməyin daha faydalı olduğunu göstərdi. Digər tərəfdən, dövlət başçılarının çıxışlarından aydın oldu ki, pandemiya elan olunan ilk günlərdən türk dövlətləri arasında qarşılıqlı yardım və birgə fəaliyyət var və bu da öz nəticəsini onda göstərir ki, türk dövlətlərində virusun yayılması vaxtında cilovlanıb, Amerikada və Avropa İttifaqı ölkələrində olduğu kimi, daha təhlükəli miqyas almayıb.

-Sammit koronavirusa qarşı mübarizənin sonrakı gedişinə necə təsir edəcək?

-Sammitdə bütün türk dövlətlərində fəaliyyət göstərən böhran qruplarının və eləcə də səhiyyə qurumlarının birgə fəaliyyət göstərməsi üçün yol xəritəsi hazırlanmış oldu. Ölkələrimiz arasında  “Covid-19” virusunun müalicəsi istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsi  və bir-birinə qarşılıqlı  lazımi dəstəyin verilməsi qərara alındı. Pandemiya və həm də post-pandemiya şəraitində iqtisadi əlaqələrin məhdudlaşdırılması deyil, əksinə daha da canlandırılmasının vacibliyi vurğulandı və bu yanaşma bütün türk dövlətlərinin rəhbərləri tərəfindən ən düzgün strategiya kimi qəbul olundu. Belə bir fors-major şəraiti türk dövlətlərinin birgə fəaliyyətinin həm özləri üçün, həm də region dövlətləri üçün kifayət qədər səmərəli olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi. Bu təşəbbüs gələcəkdə də birgə fəaliyyətin daha da canlandırılacağına inamı artırdı.

-Pandemiyadan sonra türkdilli dövlətlərin birgə fəaliyyətindən gözləntilərimiz nə ola bilər?

-Müasir dünyanın reallaıqlarını nəzərə alaraq deyə bilərik ki, türkdilli ölkələr arasında daha sıx inteqrasiyanın zəruriliyi göz qabağındadır. Belə ki, hazırda dünyanı hərəkətə gətirən motivasiya və onun inkişaf istiqamətini müəyyənləşdirən ən güclü cərəyan qloballaşmadır. O qaçılmazdır və labüddür. Hadisələrin belə sürətlə inkişaf etdiyi bir zamanda dövrün nəbzini tutmaq və gələcək yönümlü düzgün qərarların qəbul edilməsi türk xalqlarının gələcək taleyi baxımından və eləcə də dövlətlərimizin öz müstəqilliyini qoruya bilməsi baxımından həyati əhəmiyyət kəsb edir. Qloballaşma bütün pozitiv cəhətləri ilə yanaşı həm də destruktiv xassələrə malik olan mürəkkəb bir prosesdir. Bu prosesdə necə iştirak etmək və bundan necə faydalanmaq məsələsini gündəmə gətirdikdə biz türkdilli ölkələr arasında daha sıx inteqrasiyanının zəruriliyini dərk edə bilərik. Türkdilli xalqların da gözləntiləri ilk növbədə bununla bağlıdır. Eyni soy kökünə mənsub olan xalqların yaratdıqları dövlətlər ilk növbədə öz xalqlarının mədəni, coğrafi, sivilazasyon birliyi əsasında get-gedə yaxınlaşan ölklərimizin iqtisadi, sosial, mədəni inteqrasiyasını təmin etməlidir. Bu proseslərin sonucu olaraq siyasi inteqrasiya modelinə keçidin prioritet siyasi məsələ kimi gündəmə gətirilməsi və buna nail olunması bütün türk dövlətlərinin birlikdə sağlam şəkildə, heç bir deqradasiyaya uğramadan qloballaşan dünya birliyində uğurlu yerini təmin edə biləcək. Bu həm də bütün türk dövlətinin strateji təhlükəsizliyinə və davamlı inkişafına sarsılmaz zəmin yaradacaq bir prosesdir. Bu baxımdan,  bizim birgə fəaliyyətimizdən gözləntilərimiz çox böyükdür.

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir