AKTUAL: Jurnalistlər müdafiəsiz qalıb

Seçki haqqında uzun-uzadı yazmaqdansa, bir mənzərəni canlandırmaq yetər: Mərkəzi Seçki Komissiyasının binası qarşısında qanunsuzluqlara etiraz edən namizədlərin qollarını burur, sonra avtobusa doldururdular. Avtobusa qaldırandan sonra isə arxadan itələyirdilər ki, döşəməyə yıxılsınlar. Eyni metod etiraz aksiyasını cəmiyyətə çatdıran jurnalistlərə qarşı da tətbiq olunurdu.

Aytən Məmmədova

Seçki prosesinin necə də “gözəl” yekunudur! Beynəlxalq və yerli müşahidəçilərin dediklərindən, yazdıqlarından qat-qat yaxşı ifadə edirdi ümumi mənzərəni…

Halbuki Seçki Məcəlləsinin 70.4-cü maddəsində yazılıb: “Namizəd müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günə qədər müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tədbirlərə məruz qala bilməz”.

Söz yox, namizədlərlə o cür davranmaq da olmaz, necə ki, davranırdılar. Namizədin qolunu sındırmaq heç olmaz, necə ki, Rəbiyyə Məmmədovanın qolunu sındırmışdılar. Qanunvericilik də məhz bunu demək istəyib. Amma həmin gün (təkcə həmin günmü?) qanunları susdurmuşdular, ağzını bağlamışdılar. Namizədlərin toxunulmazlıq hüququ dil açıb danışa bilmirdi.

Jurnalistlərin gününə ayrıca ağlayan lazımdır. Onlar da namizədlər və ictimai-siyasi fəallar qədər zorakılığa məruz qaldı. Jurnalist Aynur Elgünəşi vurub yerə yıxmışdılar, təpikləyirdilər. Həmkarlarının mərhəmət çağırışlarına məhəl qoyan yox idi. Qışqırırdıq ki, bu xanım bir müddət əvvəl əməliyyat olunub. Zənn edirdik ki, başa düşüb əl çəkəcəklər. Əksinə oldu, yerdə böyründən bir təpik də vurdular. Aynurun ayağında problem var deyə, sürətlə yeriyə bilmir. Onu sürüyə-sürüyə aparıb, avtobusa atdılar. Bədəninin yenicə əməliyyat olunmuş hissəsinə təpik necə dəymişdisə, sonradan avtobusda haldan-hala düşdü…

Avtobusun o biri başında da müsavatçı Ərzulla Buludlunu qan aparırdı. Ona möhkəm xəsarət yetirmişdilər, sonra başqa avtobusdan bizim yanımıza gətirmişdilər. Vəziyyəti heç yaxşı deyildi. Avtobusa doldurulan namizədlərin, aktivistlərin və jurnalistlərin orada olan 8-10 nəfər mülki geyimli polisdən bir istəyi vardı – Ərzulla Buludlunu xəstəxanaya çatdırın, ölür! İki saat ərzində avtobusda bizləri aldatdılar ki, “indi onu düşürüb, hospitala aparırıq.” Ardınca da bığaltı gülümsəmələr…

Mərhəmət deyəsən, yuxarıdan tapşırıq gələndə yada düşdü. Avtobusu 20-ci sahədə evlərin arasıyla dağın ətəyinə qaldırıb, orada saxladılar. Əlavə polis maşınları və rütbəlilər gəldi. Aralarında iki-üç çavuş vardı, bizə su paylamağa çalışdılar, özü də bunu videoya çəkməklə. Yəni məqsəd mərhəmətli olmaq deyildi, mərhəmətli görünmək idi…

Haradasa, elə o vaxtlarda Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbərləri Ehsan Zahidov və Elşad Hacıyev açıqlama verirdilər ki, xəsarət alan olmayıb. İndi, üstündən iki sutkaya yaxın keçəndən sonra da, bu sətirləri yazanda qəzəblənməmək mümkün deyil. Aynur Elgünəş avtobusda Elşad Hacıyevə zəng vurdu, başımıza gətirilənləri bildirdi, hətta Elşad müəllim içəridəki mülki geyimli polislərlə danışmaq da istədi. Nə qədər qəribə olsa da, telefona yaxın gəlmək istəyən olmadı. İndi isə E.Hacıyev çıxıb deyir ki, zorakılıqla bağlı deyilənlər əsassızdır. Çox çarəsiz vəziyyətdir…

Jurnalist təşkilatlarının, medianın nəfəsini kəsiblər, ən yaxşı halda, xeyli zəiflədiblər. Jurnalistləri döyürlər, onlara qarşı hər cür amansızlıq göstərirlər, amma reaksiya verəcək təşkilatlar, adamlar qalmayıb. Mətbuat Şurası? Ortada yoxdur. Onsuz da belə situasiyalarda Mətbuat Şurasını jurnalistlərin yanında görməyə alışmamışıq. Təşkilat var, amma gerçəkdən jurnalistika ilə məşğul olanlar üçün deyil. Bakıda baş verənlərə uzaq Vyanadan – ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Harlem Desirdən reaksiya gəldi, bizim Əflatun Amaşovdan yox…

Saxlanılanları şəhərdə iki saata yaxın gəzdirdilər. Avtobus bir neçə dəfə dayandı. Sürücü sanki səsini çıxarmağa qorxurdu, nə deyirdilərsə, onu da eləyirdi. 20-ci sahədə nəsə çox fikrə getdilər, uzun müddət gözləmək lazım gəldi. Axırda aparıb Bibiheybətin girişində – jurnalistlərin yaşadığı binanın paralelində düşürdülər. Nəsə, rəmzi məna daşıyırdı, ya yox, bilmirəm. Hər halda, bizi o məşhur binaların yaxınlığında düşürdülər. Sanki jurnalistikanın hara gəlib çıxdığını göstərmək istəyirdilər. Bəlkə də demək istəyirdilər ki, özünüzü “ağıllı” aparsanız, sizin də o binalarda eviniz olar…

pressklub.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir