72 İcra başçısı kiçik ölkənin nəyinə gərək?

Bu vəzifə idarəçilik mexanizminin “apendiksi” kimi görünür

Tanınmış jurnalist Arif Əlyev yazır…

Dekabrda bir neçə rayon rəhbərinin həbsi az qala prezidentin xalqa “Yeni il hədiyyəsi” kimi qarşılandı və ölkədə icra başçılarından narazılığın səviyyəsini nümayiş etdirdi. Bəzən nifrət həddinə çatan bu narazılığın bölgələrdə üsyana çevrildiyinin də şahidi olmuşuq.

Həm işimlə əlaqədar, həm də qonaq qismində Azərbaycanda olduğum əksər yerlərdə bir düşüncə, bir qayda ilə qarşılaşmışam: “İcra başçısı rayonun Allahıdır!” O da başa düşür ki, Allah olmasa da, müəyyən coğrafi ərazinin tək Ağasıdır. İcra başçısı olan yerdə qanunlar qüvvəsini dayandırır, onun ətrafında hökm sürən yaltaqlıq, mütilik atmosferini nəinki prezident aparatlarında, heç kral saraylarında da görmək olmur. Rayonlarda başçılar bütün dövlət orqanlarını faktiki olaraq iflic vəziyyətinə salıblar, hamısının funksiyasını mənimsəyiblər. Etiraz edənlərin aqibətini neçə polis rəisinin, prokurorun, idarə rəhbərinin timsalında görmüşük. Başçıdan icazəsiz rayonda heç nə baş verə bilməz: məktəbə direktor, kluba müdir təyin etmək olmaz. Yerli media qurumları onun ağzına baxmalı, qeyri-hökumət təşkilatları onun dediyi ilə oturub-durmalıdır. Ömründə siyasətdən bir sətir yazmamış yazıçı belə 50 nəfər oxucusu ilə görüş keçirmək üçün əvvəl istəyini Başçıya ərz etməlidir.

Əlbəttə, son vaxtlar vəziyyətin dəyişəcəyinə ümid doğuran arqumentlər tapmaq olur: oğrular tutulur, həmin vəzifələrə başqa kadrlar gətirilir; köhnələrə xəbərdarlıq edilir, təzələrə insanları incitməmək tapşırılır… Amma mən daha məntiqli bir sual ortaya qoymaq istəyirəm: bu qədər icra başçısı Azərbaycanın nəyinə gərəkdir? Ümumiyyətlə, idarəçilik mexanizmində onlara ehtiyac hansı zərurətdən doğur? İslahatların yeni təfəkkür tələb etdiyini tez-tez eşidirik. Axı bu yeni təfəkkür adamın qulağına pıçıldayır ki, Azərbaycan kimi kiçik bir ölkəni səmərəli idarə etmək üçün onu 72 rayona bölüb hərəsinə bir icra başçısı təyin etməyə, hər Başçıya ayrıca yekə aparat yaratmağa ehtiyac yoxdur.

İqtisadiyyatla, sosial idarəçiliklə məşğul olmaq üçün nazirliklər, dövlət agentlikləri var, onların da əksəriyyətinin yerlərdə strukturları mövcuddur. Faktiki olaraq eyni şəxsə (prezidentə) tabe olan, eyni vəzifələri yerinə yetirən paralel icra hakimiyyəti orqanları idarəçilik mexanizmini dolaşdırır, çevikliyi azaldır. Onları ləğv etməklə ölkədə bürokratik aparatı sadələşdirmək, nə qədər büdcə vəsaitinə qənaət etmək mümkündür. Həmin vəsait bələdiyyələri dirçəltmək, yerli özünüidarəçiliyi mifdən reallığa çevirmək üçün artıqlaması ilə yetər. Nəhayət, bələdiyyələrə də bu ölkənin idarəçilik sistemində yer tapılar. Əslində, dərininə getsək, bu gün yerli icra hakimiyyətləri qismən nazirliklərdən kəsilib götürülmüş, amma daha çox bələdiyyələrin əlindən alınmış funksiyaları yerinə yetirməklə məşğuldurlar. Yeri gəlmişkən, bununla hökumətə başucalığı gətirmir, əsasən söyüş qazandırırlar.

İstisna etmirəm ki, məsələnin mənə məlum olmayan tərəfləri də var və yerli icra hakimiyyətlərindən tam imtina edilsə, nəsə gərəkli bir şey itirilər. Onu da nəzərə alıram ki, siyasi rəhbərliyi birdən-birə belə inqilabi addım atmaqdan çəkindirən başqa motivlər mövcud ola bilər. Hətta bu halda da bütün Azərbaycanı daha iri şərti zonalara bölüb maksimum 5-10 icra hakimiyyəti nümayəndəsi ilə kifayətlənməyin hamıya xeyri dəyər: həm rayon-şəhər camaatı bir az rahat nəfəs alar (bir var, əshabəsi başında 72 nəfəri yedizdirəsən, bir var 5-10 nəfəri), həm idarəçilik optimallaşar, yerli media, vətəndaş cəmiyyəti institutları baş qaldırar, bələdiyyələr işə düşər, həm də xalq siyasi rəhbərliyin “islahatlar gündəliyinə” ən yüksək qiymət yazar.

Pressklub.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir