Azərbaycan XİN BBQ-nin hesabatı barədə

Azərbaycan Beynəlxalq Böhran Qrupunun (BBQ) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vacib məsələləri gündəmdə saxlamasını alqışlayır.

Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva BBQ-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu həftə açıqladğı növbəti hesabatı şərh edərkən bildirib. 

Bununla yanaşı o qeyd edib ki, əslində, BBQ “son hesabatında yeni hər hansı bir məsələyə toxunmur; illərdir ki, Azərbaycan tərəfindən qaldırılan, danışıqlar prosesində müzakirə obyekti olan mühüm mövzulara diqqət ayırır”.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyi dəfələrlə tərəfimizdən beynəlxalq müstəvidə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə keçirilən görüşlərdə qaldırılıb. Ermənistanın beynəlxalq hüquq öhdəliklərinə zidd olaraq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti bu günədək ölkəmizin işğal olunmuş ərazilərinə baş tutmuş ATƏT-in beynəlxalq fakt-araşdırıcı missiyalarının hesabatlarında da öz əksini tapıb. Belə ki, həm ATƏT-in 2005-ci il fakt-araşdırıcı missiyası, həm də 2010-cu il sahə qiymətləndirmə missiyası işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirildiyini təsdiq edib. BBQ də son hesabatın ölkəmizin işğal olunmuş ərazilərində bu qeyri-qanuni fəaliyyətin davam etdirildiyini qeydə alır. Onu da bildirmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siyasətinin həyata keçrilməsinin hüquqi sübutu, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi 2015-ci il qərarıdır.  Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qəbul olunmuş bu qərarda bu ərazilərdə hazırda həyata keçirilən məskunlaşma məsələsi də öz əksini tapır. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həlli istiqamətində addımlar atıldıqdan sonra, bu məsələ də öz həllini tapacaq. O zamanadək Azərbaycan bu məsələləri ardıcıl şəkildə müvafiq beynəlxalq çərçivələrdə qaldıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir