İflasın bir addımlığında…

Monoton jurnalistika əvvəl-axır məhvə məhkumdur

(Jurnalistin arxivindən seçmələr)

Əflatun Amaşov özünə yeni bir adət “kəşf edib,  gerçəkləşdirdiyi Avropa səfərlərindən dərhal sonra  mətbuatımız üçün “dəyərli” hesab etdiyi fikirlərini ictimai rəyə sırımağa başlayır. Bir də görürsən, Finlandiya mətbuatından danışılır. Fin körfəzini adlayıb Avropanın mərkəzinə düşür. Lüksemburq təcrübəsini “xırdalayır”. Bir açıqlamada Əflatun Amaşov hətta Azərbaycan mətbuatı üçün örnək bildiyi  Lüksemburq Krallığını misal çəkərək qeyd edirdi  ki, “bu ölkədə vur-tut 6 qəzet fəaliyyət göstərir. Bütün qəzetlər krallıq tərəfindən maliyyələşdirilir. Onu da deyirdi ki, Finlandiyada da  vəziyyət bu cürdü. Sədr bir dəfə də Avstriyada bütün qəzetlərin dövlət tərəfindən maliyyələşməsini yada salmışdı. Axır ki, Avstriya, sonradan ara-sıra Avropaya gerçəkləşdirdiyi səfər  təəssüratları fonunda Şura sədrinin nə demək istədiyi ortaya çıxdı.MŞ sədri ölkə nətbuatını cilovlamaq,ona özünün atalıq xidmətini göstərmək arzusu ilə yaşayırmış. Əlbəttə, bunlar az-çox ilk onillik ərzində baş verdi.Lakin,məlum “antireket” mücadiləsi qarışıq fiaskoya uğradı. Əflatun Amaşovun mətbuatın boğazına saldığı kəndir hakimiyyət üçün nəyəsə yaramadı. Əvəzində sosial şəbəkələr xeyli fəallaşdı. Amaşovun dəstəkçilərndən biri, millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov  vaxt olurdu ki, lap od püskürürdü. MŞ sədri bunun yanında sanki yalan olmuşdu.Onu televiziya ekranında görənlər elə bilirdilər ki, Qarabağdan,işğal altında olan digər ərazilərimizin tezliklə azad olunacağından danışacaq,qaçqın ailələrinə ağır sosial durumda ürək-dirək verəcək.Verdimi? Doğma Yürd yerlərini xatırlayıb kövrələcək.Bircə dəfə kövrəldimi? İşğal altında olan ərazilərimizin azad edilməsində mətbuatın oynamalı olduğu rolu önə çəkəcək.Bu barədə səsini çıxardımı? Rəhbərlik etdiyi rəsmi dövlət qəzetinin məramına uyğun mövqe və ifadələrlə jurnalistləri birliyə-bütövlüyə səsləmək əvəzinə bir qrup intrqant istisna olmaqla qalanlarının kölgəsini belədən-beləyə qılınclayırdı.Bir dəfə hələ bir az da uzağa getmişdi. Deyirdi ki, milli mətbuatımızın 135 illiyinə mətbuatı “reket” qəzetlərdən şəxsən özü təmizləyəcək.(?!) Bu sözləri söyləyən adam gərəkdir ki, özü də həmkarlarına nümunə olsun.Qələm əhlinə qarşı başlanılmış bu məşəqqətli bir oyuna cəlb edilmiş Bəxtiyar Sadıqov cənabı kommunist təfəkkürünün bütün eybəcərliklərini ortalayıb,həmkarlarına münasibətdə.

Mətbuatda uzun illər çalışmış peşəkar yazarlar Mətbuat Şurasının sədri Amaşovu irad etdiyi eyni məzmunlu nitqi zaman-zaman eşitmək məcburiyyətində qalırlar.Bəzən,eşidirlsən ki, Amaşov hansısa qəzetə müsahibə verib. Öz zəngin keçmişini xatırlayır. Deyir ki, uşaqlıqda adam “baltalamışam”, ya da ki, “qulaq kəsmişəm”. Müsahibələrində Amaşovun xəyalları bəzən monqollar ölkəsindən, Qorbi(?) səhrasının aylı gecələrindən  uçub Marsacan yerikləyir. Sitat: “Hazırda Marsdakı proseslər, yeniliklər, göy cisimləri ilə bağlı baş verənlər əsas maraq dairəmdədir. Həvəskar biliklərimi artırıram. Çox güman ki, yaxın vaxtlarda mənim bu sahə ilə bağlı kitabım çıxa bilər”. Görürsünüzmü, necə maraqlı adamdı? Siz hələ Amaşovun bu fikirlərini eşitməmisiniz. Sitat: ”Jurnalistlərin hüquqlarını qorumaq üçün Azərbaycanda 50-yə yaxın təşkilat var. O təşkilatlar jurnalistlərin hüquqlarının qorunmasında birmənalı məşğul olmalıdır. Amma bizim missiyamız jurnalistlərin hüquqlarını qorumaq deyil. Mətbuat Şurası o halda qoruya bilər ki, əgər doğrudan da onlardan şikayət olsun. Bu məsələ Mətbuat Şurasının mahiyyətindən, missiyasından doğur. Kim ki, bizdən piket, mitinq keçirməyi umur, yanılır”.

İndi necə soruşmayasan ki, ay Amaşov, bə niyə vaxtilə “RUH”u yaratmışdın? “Press-Klub” təsis eləmişdin? Qrant həzm etmək üçünmü? Bunlar artıq keçmişdə qalıb.

Əflatun bəyin rəhbərliyində Mətbuat Şurası mətbuatın sınağa və qınağa çəkilməsi üçün bacardığını etdi. Son illər ərzində  Azərbaycan mətbuatını susdurdular, məhv etdilər.

Amaşovun Azərbaycan mətbuatına ağsaqqallıq iddialarına göz gəzdirin. Yadınızdadırsa, MŞ sədri vaxtilə ATƏT-in media azadlığı üzrə nümayəndəsi cənab Mikloş Haraştidən Avropa Şurasına şikayət edəcəyini deyirdi. Baxmayaraq ki, şikayət üçün Amaşovun əlində elə bir tutarlı fakt yox idi. Amaşova görə, Mikloş Haraştinin “günahı” oydu ki, Mətbuat Şurasının ədalətsiz mövqeyini, “qanuna pərsəhg qoyma” siyasətini təqdir etməmişdi. Əflatun Amaşovdan sitat: “Azərbaycanda olarkən olduqca dar çərçivəli görüşlər keçirir və həmin görüşlərdən əldə etdiyi qənaəti ATƏT kimi nüfuzlu qurumun mövqeyi olaraq ifadə edir”. Haraştinin Mətbuat Şurası sədrinin qəzəbinə tuş gəlməsi onun real və obyektiv düşüncələri ilə bağlıydı. Düzənlədiyi mətbuat konfranslarında M. Haraşti Azərbaycanda Mətbuat Şurasının jurnalistlərin müdafiəçisi olmalı olduğunu demişdi. Haraşti onu da əlavə etmişdi ki, Mətbuat Şurası hakimiyyətə hansısa mətbu nəşri bağlamağı məsləhət görməməlidir. Sitat: “Hansı jurnalistlər Şuranın fəaliyyətindən narazıdırsa, onların öz Mətbuat Şurası yaratmaq hüququ olmalıdır”. Amaşovsa bunu Azərbaycan mediasının daxili işlərinə qarışmaq şəklində yozdu. Haraştini məhkəmə ilə hədələdi də…

Bu illərdə ayıblarını görməyən,yaxasında orden-medal sıralayan MŞ sədri  bir çox hallarda ona heç bir aidiyyatı olmayan işlərə baş vurdu, amma bundan zərrəcə xəcalət çəkmədi. Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçmiş qəzetləri “reket” elan etdi.Ölü-diri bilmədi, həmin qəzetlərin redaktorlarının adlarını açıqlayaraq hamısını rüsvay etdirdi və bu rüsvayçılığa Bəxtiyar Sadıqovun əlilə rəsmi dövlət qəzetini də cəlb edə bildi. Mətbuatda bölücülük PA-nın ictmai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun təşəbbüslərinin məhsulu deyilmi? Əli Həsənov, onun sağ əli sayılan Əflatun Amaşov Azərbaycan məkanında mətbuatı aşağılamağa nail olsalar da, Azərbaycanın beynəlxalq imicini yerlə yeksan elədilər.Əlbəttə, qazandıqları da oldu. Uzun illər ərzində ardıcıl olaraq təxminən 40-a yaxın qəzetə illik subsidiyalar verməklə,cib jurnalistkası yaratmaqla,müxalifət mətbuatını qeyri-etik yollarla susdurmaqla nəyəsə nail oldularmı? Bəli oldular.Bu gün Azərbaycanın mətbuat və informasiya  məkanı ölü bir məkandır. Bu məkanda meydan sulayan KİV-lər isə tutuquşu kimi bir-birini təkrarlayır.Monoton jurnalistika əvvəl-axır məhvə məhkumdur. Bu gün Mətbuat Şurası məmur-oliqarx tayfasının əlində azad sözə,azad qələmə qarşı mübarizə alətinə çevrilib.Əflatun Amaşov,Əli Həsənov və mətbuatımızın başına bu oyunları açanlar, büdcə vəsaitlərini mənimsəyərək dövlətimizi aldadanlar sorğu-suala çəkilməlidir.Azad mətbuatımızın ənənələri bərpa edlməli, hakimiyyətin cəmiyyət qarşısında qeyb olmuş nüfuzunu qaytarmaq üçün ciddi addımlar atılmalıdır.

Fəaliyyət Qurbanov,

Oktyabr 2009-cu il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir